Mühasibat uçotu
Mühasibat uçotu dedikdə, hər bir müəssisə və təşkilatın maliyyə-təsərrüfat fəaliyyətində baş verən dəyişikliklər və əməliyyatlar haqqında məlumatların toplanıb yığılması, dürüstlüyünün təsdiq edilməsi nəzərdə tutulur. Bundan başqa, yuxarıdakıları nəzərə almaqla, fəaliyyət və əməliyyatlardakı dəyişikliklər və bu əməliyyatlar təhlil edildikdən sonra yaranan nəticələr, onların qruplaşdırılıb ümumiləşdirilməsi də mühasibat uçotu anlamını ifadə edir. Bunun da yekununda əldə edilən nəticələrin hesabat şəklində lazımi istifadəçilərə çatdırılması mühasibat uçotunun mahiyyətini təşkil edir.
Buna görə də, mühasibat uçotuna çox vaxt biznesin rəqəmlər vasitəsi ilə idarə olunması da deyirlər. Bundan başqa, mühasibat uçotunu müəssisənin təsərrüfat fəaliyyətini izləyən bir müşahidəçi kimi də təsəvvür etmək olar. Bu müşahidəçi, təsərrüfat proseslərinin təkcə natural tərəfini deyil, eyni zamanda dəyər tərəfini də əks etdirir.
Bəzən elə düşünülür ki, mühasib yalnız müəssisənin gəlir və xərclərinin uçotunu aparan şəxsdir. Beləliklə də, mühasib sözü xarici ölkələrdə istifadə edilən “book keeping” (bukkipinq) ilə eyniləşdirilir. Bu söz bizdəki “kassanın hesabatını aparan”, “qeydə alan”, “qeydiyyatçı” kimi çatdırıla bilər. Halbuki, peşəkar mühasiblər bu işlə ya az məşğul olur, ya da ümumiyyətlə məşğul olmurlar. Çünki bukkipinq müəssisədəki dəyər hərəkətlərinin mexaniki bir tərəfidir. Mühasibatlıq isə daha geniş məna daşıyır.
Mühasibat uçotu əməliyyatları qeyd edib saxlamaqdan, yəni bukkipinqdən daha çox maliyyə hesabatının hazırlanması, maliyyə məlumatlarının işlənib hazırlanması və açıqlanması ilə bağlı məsələləri əks etdirir. Bundan əlavə, ümumi hesablamalar, vergi ödəmələri üçün lazımi hesabatlar, büdcə tərtib etmə və nəzarət sisteminin qurulması, araşdırmalar və s. hamısı mühasibat uçotunun predmetinə daxildir.
Müasir mühasibat uçotunun formalaşması prosesi uzun tarixi inkişaf mərhələlərindən keçmişdir. Bu baxımdan uçot tarixini araşdırmaq və qısaca təhlil etmək mühasibat uçotunu daha dərindən anlamağa kömək edə bilər.
İlk zamanlarda dəftərtutma şəklində qəbul edilən uçot, hazırda hadisə və proseslərin qeyd olunub təsnifləşdirilməsi və nəticələrin hesabat halında təqdim edilməsi prosesi kimi tanınmaqdadır.
XX əsrin əvvəllərindən etibarən maliyyə və idarəetmə uçotu sahəsində mühüm irəliləyişlər olmuşdur. XX əsrin 2-ci yarısında mühasibatlıqda əhəmiyyətli inkişaf baş verdi. Bu zaman insan resursları mühasibatlığı, sosial mühasibatlıq, beynəlxalq mühasibatlıq yarandı, eyni zamanda yeni qeydiyyat metodları və hesabatvermə texnologiyaları meydana çıxdı.