Kargüzarlıq

Kargüzarlıq

Müəssisə və təşkilatlar, hüquqi şəxslər tərəfindən düzgün aparılan kargüzarlıq işi onların düzgün fəaliyyətinin əsasını təşkil edir. Eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər də öz fəaliyyətləri çərçivəsində kargüzarlıq qaydalarına ciddi əməl etməlidirlər.Kargüzarlığın düzgün qurulması ilə, müəssisələr onlara qarşı açılmış yoxlamalardan heç bir problem olmadan çıxa bilər. Yaxşı tərtib olunmuş sənəd onun tərtibçisindən qaldırılan məsələni dərindən bilməyi və dərin informasiyaya və məlumatlara sahib olmağı tələb edir. Sənədin tərtibatçısı, onun əsas hədəfini, əhatə etdiyi mövzu və məsələləri, məqsədə müvafiqliyinimüəyyənləşdirməlidir. Bütün bunlar sənədin formasını, mətnin ifadə olunmasıüslubunu düzgün müəyyənləşdirməyə yardımçı olur. Eyni zamanda, məsələ ilə ağlı normativ-hüquqi aktların tələbləri öyrənilməlidir. Göstərilənlərin hər biri sənədi tərtib edənlərin peşəkar biliyə malik olmasının əsas göstəricisidir. Sənədlərin məzmununun hazırlanmasında, eləcə də mətnin keyfiyyətli və savadlı formada tərtib olunmasında qanunvericilik üzrə biliklər ən mühüm elementdir. Sənədin layihəsi redaktə oluna və razılaşdırıla bilər. Sonuncu mərhələ imzalama və yekun rəsmiləşdirmədir. Sənəd məsul şəxs tərəfindən imzalanır və onun imzasının həqiqiliyini müvafiq möhür təsdiq edir.

Kargüzarlığın müəssisələrdə təşkili həm Azərbaycan Respublikasının öz qanunvericiliyi, həm də digər standartlar əsasında həyata keçirilir. Buraya ölkəmizin tərəfdar çıxdığı və qəbul etdiyi dövlətlərarası standartlar, Sovet İttifaqı zamanında qəbul edilmiş standartlar və əldə olunan təcrübə, o cümlədən bu sahədə mövcud olan müasir qaydalar nəzərə alınır və həyata keçirilir. Əmr, qərar, vəzifə təlimatları, ərizə, arayış, məktub və digər sənədlərin düzgün yazılışının əhəmiyyəti çox böyükdür. Həmçinin onların qeydiyyatının müfəssəl şəkildə aparılmasının müəssisənin kargüzarlıq işində necə böyük rol oynadığını şərh etməyə ehtiyac yoxdur. Onların reyestrinin düzgün şəkildə aparılması müəssisənin səmərəliliyini artırır və işçilərlə idarəedici şəxslər arasında subordinasiya qaydalarını daha da möhkəmləndirir. Kargüzarlığın təşkili ilə bağlı kitabların az olmasına baxmayaraq, bu işi dərindən bilən mütəxəssislərin bilik və təcrübəsinə əsaslanaraq, öz işini düzgün şəkildə quran müəssisələrimiz də mövcuddur.